Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti sayın Ersin Tatar bu günlərdə adminstrasiya əməkdaşları ilə birlikdə Ankara Hacı Bayram Vəli Universitetində keçirilən mötəbər konfransda iştirak etmişdir.
Konfrans başa çatdıqdan sonra isə sayın Ersin Tatar Universitetin nəzdindəki İslam Ölkələrinin Akademik Fondunun (İSAK) Baş Qərargahını ziyarət etmişdir. İslam Ölkələrinin Akademik Fondundan «Təzadlar»a verilən məlumata görə, Sayın Ersin Tatar burada İSAK Fondunun rəhbəri sayın Prof. Dr. Bayram Altanla görüşmüş, mərkəzin fəaliyyəti, eləcə də beynəlxalq əlaqələri, İslam ölkələrinin akademik mərkəzləri ilə olan müştərək layihələr, həmçinin Mərkəzin gələcək fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi etmişdir.
Aşağıda həmin ziyarətin videogörüntülərini təqdim edirik.
***
Xatırladırıq ki, İSAK (İslam Ölkələrinin Akademik Fondu) İslam ölkələrində (bu sırada Azərbaycan da daxil olmaqla) akademik mərkəzlərin idarə edilməsi, fəaliyyəti və nəzarəti, ölkə daxilində və xaricdə daşınar və daşınmaz elmi-mədəniyyət sərvətlərinin qeydiyyatı, mühafizəsi, təmiri və saxlanması ilə bağlı prosedur və prinsipləri müəyyən edən Türkiyənin 5737 saylı Qanuna əsasən yaradılmışdır.
İSAK Fondunun məqsəd və məramı Başda Türkiyə olmaqla İslam ölkələrinin təhsil, səhiyyə, elmi, mədəni, sosial və iqtisadi inkişafına kömək etmək, bilikli və maarifləndirici gənc alimlərin yetişdirilməsinə maddi və mənəvi töhfə vermək, onların ölkələrimizə faydalı olmasını təmin etmək, Türkiyəyə, eləcə də İslam dünyasına və bütün bəşəriyyətə əxlaqi, dini və adət-ənənə xüsusiyyətləri ilə təchiz olunmuş inkişafı üçün hər cür hüquqi dəstək vermək və bu məqsədlə hər cür hüquqi araşdırmalar aparmaqdır.
Yeri gəlmişkən, ötən ilin dekabrın 2-də Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Qarabağda turizmin davamlı inkişafı: mövcud potensial, əsas hədəflər və Türkiyə təcrübəsi” mövzusunda konfrans keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.
“Şuşa İli” çərçivəsində keçirilən sözügedən ortaq konfrans MDU və AHBVU arasında Qarabağda turizmin inkişafına həsr olunan üçüncü elmi tədbirdir. Bundan əvvəl, 2021-ci ilin may və noyabr aylarında tərəfdaş universitetlərin birgə konfransları baş tutmuşdu.
Asif Mərzili